Sumqayıtda evə basqın edən şəxslə bağlı ŞOK XƏBƏR- 10 gün əvvəl...

Sumqayıtda evə silahlı basqın edərək iki nəfəri öldürüb dörd nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin üzərində məhkumluğu olub.
Referans.az xəbər verir ki, 02.06.2023-cü ildə Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən, Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Müşfiq Tağıyevə azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq tətbiq olunub.
Bundan əlavə, Müşfiq Tağıyev 22.07.2022-ci ildə Yaşıldərə bağlar ərazisində qonşusu Əli Məmmədovla su borusuna görə dava edib və qonşusuna xəsarət yetirib. Faktla bağlı inzibati icraat başlanılıb. O, Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarı ilə 150 manat civarında cərimə olunub. Verilən müddətdə cəriməni ödəmədiyi üçün yenidən məhkəməyə çağırılaraq 19.10.2023-cü il tarixdə keçirilən açıq iclasda cəzası dəyişdirilərək 160 saat islah işləri ilə əvəz olunub.
Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.
11:00
Sumqayıtın Corat qəsəbəsində baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb.
Referans.az xəbər verir ki, iki nəfərin ölümü və dörd nəfərin xəsarət alması ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qətl, iki və daha çox şəxsin öldükdə), 29.120.2.7-ci (iki və daha çox şəxsin öldürməyə cəhd), 228-ci (qanunsuz silah saxlama), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri cinayət işi açılaraq istintaqı aparılır.
İş üzrə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb. O, törətdiyi əməli etiraf edib və hadisəsi qisas məqsədilə törətdiyini deyib. Hazırda istintaq orqanı tərəfindən onun dindirilməsi prosesi həyata keçirilir. Şübhəli şəxs dövlət hesabına vəkillə də təmin edilib.
Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər - Tərlan Fərəcova, Serkan Karakaş, Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.
10:27
Sumqayıtın Corat qəsəbəsində baş vermiş hadisənin motivi ilə bağlı daha bir iddia ortaya çıxıb.
Belə ki, məlumata görə, ailə yaxınlarından bildirilib ki, qohumlardan biri, İsveçrədə yaşayan Anar Fərəcov yüksək məbləğdə pul göndərib.
Ailənin bildirdiyinə görə, hadisədən sonra pul evdə tapılmayıb.
Hadisənin tamah məqsədi ilə törədildiyi ehtimal edilir.
10:04
Sumqayıtın Corat qəsəbəsində fərdi yaşayış evinə basqın edərək iki nəfəri qətlə yetirməkdə, daha dörd nəfərə ağır xəsarət yetirməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.
Referans.az-ın əldə etdiyi məlumata görə, M.Tağıyev hadisə yerinə gedərkən kameraya düşüb və həmin görüntülər cinayətin açılmasında əhəmiyyətli rol oynayıb. Belə ki, hadisə sutkanın qaranlıq vaxtı baş verdiyindən M.Tağıyevi demək olar ki, görən olmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları yaralıların özünə gəlməsini və onlara atəş açan şəxsin kamera görüntüləri ilə tanış olmasını gözləyib. Bu zaman hadisə yerinə ilk gələnlərdən olan və atası ilə birgə xəsarət alan polis sahə müvəkkili Etibar Sarıyev Müşfiq Tağıyevi tanıyıb. O, kameradakı şəxsin həmin məhəllədə bir qədər aralıdakı evdə yaşadığını deyib.
Bundan sonra polisin həyata keçirdiyi əməliyyatla Müşfiq Tağıyev saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi silah götürülüb.
İlkin araşdırmalar zamanı Müşfiq Tağıyev evinə basqın etdiyi Dağbəyi Fərəcovun İsveçrədə yaşayan oğlu Anar Fərəcovla ədavətinin olduğunu deyib. O, illər əvvəl Anarla arasında münaqişənin olduğunu və onun ölkəyə qayıtmasını öyrəndikdən sonra yaşadığı evə basqın edərək Anarı qətlə yetirmək istədiyini bildirib.
Lakin hadisə vaxtı Anar Fərəcov evdə olmayıb. Nəticədə qapını açan Dağbəyi Fərəcov və səsə çıxan qızı Suzana Karakaş aldıqları güllə yarasından vəfat edib. D.Fərəcovun həyat yoldaşı Tərlan Fərəcova, kürəkəni Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – polis zabiti Etibar Sarıyev və atası Mehman Sarıyev xəsarət alıb.
Müşviq Tağıyevin əlində silahla kameraya düşən görüntüsünü təqdim edirik:
08:01
Okytabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfərin ölümü və dörd nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Referans.az əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşviq Məhəmməd oğlu Tağıyev saxlanılıb. Onlar qonşu olublar.
Xatırladaq ki, silahlı hücumu törədən şəxs 16-cı mikrorayonda yerləşən Corat bağları yaşayış massivində fərdi yaşayış evinə gəlib. Bu zaman əlindəki ov tüfəngi ilə 1985-ci il təvəllüdlü Karakaş Suzannanı və onun atası, 1950-ci il təvəllüdlü Dağbəyi Fərəcovu öldürüb.
Daha sonra isə Suzannanın həyat yoldaşı Serkan Karakaşı və anası Tərlan Fərəcovanı da vurub.
Silah səsinə qonşular hadisə yerinə gəliblər. Bu zaman 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev, 1990-cı il təvəllüdlü Etibar Mahmud oğlu Sarıyev də xəsarət alıblar.
E.Sarıyev polisdir. Dağbəyi Fərəcovun kafe işlətdiyi bildirilir.(oxu.az)