"Trendyol"dan sifariş verənlərə YENİ XƏBƏR - Gömrük limiti ENDİRİLƏCƏK?

trendyoldan-sifaris-verenlere-yeni-xeber-gomruk-limiti-endirilecek-1701151868
|
|

Türkiyənin onlayn alış-veriş saytları dedikdə ağlımıza ilk gələn sayt təbii ki, "Trendyol" saytıdır. İstər Türkiyə, istərsə də Azərbaycanda hər keçən gün artan sifariş sayılarında olan yüksəliş bu saytın nə dərəcədə etibarlı olduğunu göstərməkdədir. Həm qiymət, həm də keyfiyyət baxımından Azərbaycan vətəndaşlarına çox uyğun olan Türkiyənin onlayn alış-veriş sektoru hər gün daha da böyüməkdədir.


Məlum olduğu kimi Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan “Trendyol” “PAŞA Holding” ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək.


Son zamanlar, ümumiyyətlə, Trendyoldan sifarişlərin edilməsində ciddi şəkildə artım nəzərə çarpır. Hətta ölkədəki bəzi sahibkarlar öz geyim mağazalarını bağladıqlarını, Trendyol Azərbaycana birbaşa çatdırılmalar etməyə başladıqdan sonra yerli geyim mağazalarında alverin zəiflədiyini bildirirlər. Belə ki, son günlər xaricdən dəyəri 300 dollara qədər olan gömrük limitinin endiriləcəyi ilə bağlı müzakirələr dolaşır. Yerli monopolislərin sözlərinə görə, artıq hər kəs Trendyol platformasından alver etdiyi üçün ölkədə alıcılıq qabiliyyəti azalır.


Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli Referans.az-a bildirib ki, artıq bütün dünya onlayn alış-verişə keçib və Azərbaycanda iş adamları da, pərakəndə satışla məşğul olanlar da bunu anlamalıdır:


“Dövlətin əsas vəzifəsi əhalinin məmnuniyyətidir. Əhali də Trendyoldan və ya hansısa onlayn alış-veriş şəbəkələrindən məmnundur. Hökumət bunu məhdudlaşdırmaqdansa, əksinə Azərbaycanda bu kimi müəyyən fərqli şəbəkələrin yayılmasına və rəqabət mühitinin artmasına şərait yaratmalıdır. Fərdi istehlak üçün alınan malların sifariş limiti zatən 1000 dollardan 300 dollara salındı. Bunu azaltmaq nəinki doğru deyil, hətta kökündən yanlışdır. Bu Azərbaycan əhalisinin ziyanınadır. İstənilən hökumət də əhalinin ziyanına qərar verməməlidir”.


Ekspert bildirib ki, yerli sahibkarların və ya pərakəndə satışla məşğul olanların hər hansı bir narazılığı varsa, o zaman onlar yeni idealar ətrafında işləsinlər. Onun sözlərinə görə, onlayn alış-veriş platformalarına görə ABŞ-da və Avropada son 10 ildə 50 faizə yaxın böyük alış-veriş mərkəzləri bağlanıb: “Bu dünyanın hər yerində belədir. Azərbaycanda pərakəndə satış mərkəzlərində qiymətlərin yüksək olmasına səbəb icarə qiymətlərinin fantastik dərəcədə yüksək olmasıdır. Əsasən də Bakının mərkəzi və mərkəzə yaxın küçələrdə qiymətlər çox bahadır. Bunu onlar düşünsünlər. Yəni bu qədər baha qiymətə icarəyə versələr, axırda heç kim qalmayacaq. Mağaza sahibləri, işlədənlər düşünsünlər. Onlar birləşib bir asossiasiya yaratsınlar, mal mübadiləsi etsinlər, onlayn platformalar təşkil etsinlər”.


Azərbaycanda kifayət qədər yeni reallığa uyğunlaşan iş adamları da var. İnstaqram və digər sosial şəbəkələr üzərindən böyük həcmdə satışlar həyata keçirənlər var. Dövlət və hökumət bunları təşviq etməlidir. Trendyol və digər onlayn satışla məşğul olan şirkətlərə qarşı hanısa bir sərt addımların atılması yanlışdır. Nə müasir dünyanın tələblərinə, nə də Azərbaycan əhalisinin gözləntilərinə uyğun deyil – deyə Natiq Cəfərli əlavə edib.


Bu barədə marketinq kommunikasiyaları üzrə mütəxəssis Samir Əfətli bildirib ki, dünyada onlayn ticarət pandemiyadan sonra dəbə minmiş bir ticarətdir:


“Mən Koreyada yaşayıram, buranın özündə kifayət qədər alış-veriş mərkəzləri var. Dünyanın 7-ci ticarət ölkəsi olmasına baxmayaraq, burada xaricdən sifarişlər edirlər. Hazırda ən məşhur onlayn ticarət platforması Aliexpressdir. Amma buna baxmayaraq onlayn ticarət də, oflayn da normal işləyir. Normal sahibkar başa düşür ki, 2023-cü ildə yaşayıramsa, mağazaların bağlanması çıxış yolu deyil”.


Mütəxəssis qeyd edib ki, Azərbaycanda gömrük nisbətən yumşaldılmalıdır, çünki biz istehsalçı ölkə deyilik. Onun sözlərinə görə, istehsalçı ölkə olsaydıq, o zaman xaricdən gələn mallara gömrük rüsumunu qaldırıb yerli istehsala dəstək olardıq, amma bizdə bu olmadığı üçün Trendyol-a məhdudiyyət təbiq etmək lazım deyil.


“İnsanların seçim şansını azaltmaq olmaz. Gömrük limiti 2020-ci ildə 300 dollara salınanda ciddi narazılıqlara səbəb olmuşdu. Yəni biz artıq bunu da bir qədər azlatsaq, o zaman gərək istehsalçı ölkə olaq. Bizim heç bir böyük firmalarımız və ya fabriklərimiz yoxdur. Buna görə də hökumət heç kimi məcbur edə bilməz ki, gedib yerli mağazalardan od qiymətinə məhsullar alısınlar”, - deyə Samir Əfətli əlavə edib.

 

Aqil Qarayev