Yeniyetmələrdə dərmandan zəhərlənmələr durmadan artır: Keyfiyyətsizlik, yoxsa özünəqəsd ? - ARAŞDIRMA

Azərbaycanda dərman zəhərlənmələri halları artıb.
Ötən ay ərzində təkcə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 118 nəfər qəbul edilib ki, bunlardan 56 nəfəri məhz dərman zəhərlənmələri səbəbindən olub.
Sirkə turşusu, botulizm, allergik reaksiya, dəm qazından və s. zəhərlənmələri sırasında ən yüksək pillədə dərman zəhərlənməsinin qərar tutması çox ehtimal ki, təsadüfi deyil.
Dərman zəhərlənmələrinin iki halda baş verdiyi deyilir: Müalicə məqsədilə qəbul edilən dərman preparatı keyfiyyətsiz olduqda, bilərək intihar məqsədilə qəbul edildikdə. 60 faiz hallarda isə insanların təsadüfən və ya bilməyərəkdən zəhərləndiyi deyilir.
İlk iki halın olması anlaşılandır, bəs yarı faizdən çox təşkil edən zəhərlənmənin pərdəarxasında həkim reseptində dəqiq yazılan dərman preparatından zəhərlənmə niyə üstünlük təşkil etsin ki?
Dərmanın kimyəvi tərkibi dürüst hazırlanırmı? Ya qəbulundə səhvliklər var?
Bu kimi suallardan mövzumuza başlayanda yenə də qarşımıza mövzu ilə bağlı ən çox danışılan söhbətlər çıxır: Alman apteklərində satılan dərmanların tərkibi 90 faiz "saf" olarkən, bu bizim apteklərdə satılanlarda heç 2 faiz təşkil etmir...
Yəni dərmanların tərkibindəki təsiredici əsas maddə az miqdardadır.
Alman dərmanları deyərkən, yadımıza deputatların Milli Məclisdə etdikləri təkliflər gəlir. Milli Məclisin üzvləri Parlamentdəki çıxışlarında buna toxunaraq alman apteklərində baha satılan dərmanlardan hətta gileylənib, bu dərmanların dərman işbazları tərəfindən qiymətinin bahalaşdırılmasından danışıb, təklif və bol- bol iradlarını əsirgəməyiblər.
Elə bundan danışarkən qeyd edək ki, bu il Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası zamanı gündəliyə 18 məsələnin müzakirəsi sırasına “Dərman vasitələri haqqında” qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş) daxil edilib.
Dərman istehsalı və insanlar tərəfindən istehlakında sağlamlığa hansı tərəfdən müsbət təsirini göstərəcəyini bilməsək də, qarşıda insanları maraqlandıran çoxsaylı suallar var.
Araşdırma aparacağımız mövzuya elə ən birinci həkim-toksikoloqla başladıq.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi Aynur Məmmədova Referans.az-a bildirir ki, son bir il ərzində dərman zəhərlənmələrində 20-30 faiz artım müşahidə edilib:
"Digər zəhərlənmələrin sayı da artıb, lakin, dərman zəhərlənmələri daha üstünlük təşkil edir. Dərman zəhərlənmələrinə hər yaş kateqoriyasında, 12 yaşdan tutmuş 85- 86 yaşadək olanlar arasında rast gəlinir. Ən təsadüfi zəhərlənmələr 6-7 yaş arası uşaqlarda olur. Bu da evdə nənə- babanın uşaqların yanında dərman içməsi ilə əlaqədardır. Uşaqlar bu zaman düşünürlər ki, dərman konfetdir, yaxşı şeydir. Uşaqlar nəzarətsiz qalanda dərmanlar onların əlinin altında olur. O dərmanları yeyirlər və zəhərlənmələr baş verir".
Həkim deyir ki, son zamanlarda dərman zəhərlənmələri ilə bağlı yeniyetmələrin müraciəti daha çox üstünlük təşkil edir:
"Son 2 il ərzində dərmandan zəhərlənən yeniyetmələrin sayı artıb. Əgər 2 ilə qədər dövrdə il ərzində hardasa 1 nəfərdə zəhərlənmə olardısa, o da çox təsadüfi olardı. İndi artıq belə zəhərlənmələrin sayı yeniyetmələr arasında hardasa 5-10 nəfərədək artıb. Bunlara da səbəb məktəbdə olan bullinq, evdə həmin yeniyetmələri başa düşməzliklərdir. Ya imtahandan kəsilmələrdir, ya da yaş dövrü ilə əlaqəli depressiv olmalarıdır. Yuxarı yaş kateqoriyasından olan qadın və kişilər psixoloji problemlərə görə dərman qəbul edirlər".
Aynur Məmmədova bildirir ki, dərmanların keyfiyyətinə gəldikdə, bu barədə bir söz deyə bilmir: "Düzdür, deyirlər alman apteklərində olan dərmanlar daha keyfiyyətli olur... Dərman qəbulundan sonra anafilaktik şoklar, reaksiyalar olur. Bu dərman zəhərlənmələri deyil, bədənin immun sisteminin həmin dərman preparatını qəbul etməməsidir. Hər bir dərmanı alan zaman onun üzərində saxlanma, qəbul qaydası, hansı xəstəliklərdə və hansı dərmanlarla istifadə qaydası açıq şəkildə göstərilir. Həkim daha çox bu zaman xəstəni məlumatlandırmalıdır".
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli mövzuyla bağlı Referans.az-a münasibət bildirib:
""Dərman vasitələri haqqında" yeni Qanunun hazırlanmasının və müvafiq dəyişikliklərin olmasının Azərbaycanda əczaçılıq sənayesinin həm inkişafına, həm də əczaçılıq bazarına çox təsiri olacaqdır. Bunu bir neçə istiqamətdə əsaslandıra bilərik. Bilirik ki, dərmanların qeydiyyatlarının asanlaşdırılması idxal olunan dərman preparatlarının ölkəyə daxil olması prosedurlarının sadələşdirilməsi Azərbaycanda dərman qıtlığı və dərman qeydiyyatındakı bürokratik əngəlləri aradan qaldıracaqdır. Bununla yanaşı, ölkədə dərman istehsalının stimullaşdırılması istiqamətində addımların atılması ölkədə dərman bazarında daxili istehsalın sürətlənməsinə və aczaçılıq sənayesinin inkişafına, o cümlədən müvafiq mütəxəssislərin yetişməsinə gətirib çıxaracaq. Bəzi məhdudiyyətlərin də tətbiq olunması insanların sağlamlığının qorunması ilə əlaqədardır.
Tarif Şurasına dərmanların qiymətinin müəyyənləşdirilməsi funksyası birmənalı şəkildə deyil, ancaq üst həddinin müəyyənləşdirilməsi səlahiyyəti verilib. Aşağı qiymətdə dərman preparatlarının qiymətini bazar müəyyənlənşdirəcəkdir. Bu da sərbəst bazarın daha çevik, istehsal proseslərinin sürətlənməsinə gətirib çıxaracaqdır. Hətta, bəzi dərman preparatlarının ucuzlaşmasını da müşahidə edəcəyik. Dəyişikliklər həm keyfiyyətsiz dərman idxalının qarşısını alır, həm keyfiyyətli dərman idxalını asanlaşdırır. Qiymətin yuxarı həddinin dövlət tərəfindən tənzimlənməsi, çox yüksəyə qalxmasının qarşısının alınması, aşağı hədlərinin isə bazar iqtisasiyyatı modelinə uyğun şəkildə bazarda tənzimlənməsi üçün hər cür imkan yaradır. Əsas məsələ Azərbaycan aczaçılıq bazarını keyfiyyətsiz dərmanlardan qorumaqdır. İnsanların öz ölkəmizdə istehsal olunan dərman preparatları ilə təmini üçün qanunvericilikdə edilən dəyişikliklər inanıram ki, müsbət nəticələrə gətirib çıxaracaq".
Millət vəkili yüksək faiz zəhərlənmələrin səbəbləri sırasına dərmanların keyfiyyətini aid etmədi:
"Dozanı artıq edəndə, acqarına, yanaşı xəstəliklə dərman qəbul edəndə də zəhərlənmə verə bilər. Bu o demək deyil ki, dərmanlar hamısı keyfiyyətsizdir və bu zəhərlənmə verir. Dərman zəhərlənməsi onun düzgün qəbul etməməyi ilə əlaqəlidir çox vaxt".
Mövzu ilə bağlı məsələni
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova ilə davam etdiririk.
Görəsən dərman zəhərlənməsi insan sağlamlığında nə kimi fəsadlara yol aça bilər?
Mütəxəssis bildirir ki, dərmanlardan zəhərlənmə bir neçə hallarda baş verə bilər. Bu birinci növbədə əgər dərman kor- koranə şəkildə, yaxud da artıq dozada qəbul edildikdə və ya dərmanın tərkibindəki hər hansı maddəyə qarşı allergik, həssas reaksiya olan zaman baş verir:
"Eyni zamanda keyfiyyətsiz şəkildə istehsal olunan, mənşəyi bəlli olmayan dərman məhsulları da bir çox hallarda öldürücü təsirə malik ola bilər. Mütləq şəkildə dərman qəbul edərkən həkimlərin məsləhəti ilə qəbul edilməlidir. Xüsusilə risk qrupunda olan dərmanlar var ki, bunları "prob" edərək, yəni orqanizmə təsirini yoxlayaraq, yalnız bu şəkildə qəbul olunması vacibdir".
Məhsəti Hüseynova bildirir ki, dərmanlar var ki, qida ilə qəbul edərkən orqanizmdə fərqli reaksiyaya səbəb olur. Bunlardan biri nar meyvəsidir: "Həddindən artıq nar şirəsi qəbul etdikdə, bir çox dərmanların qəbulu deyə bilərdim yolverilməzdir. Çünki həmin vaxtda orqanizmdə dərmanla narın reaksiyası gedir ki, bu zaman da orqanizmdə xoşagəlməz hallar baş verə bilər. Bəzi hallarda zəhərlənmə daha yüngül formada, ürəkbulanma, qusma ilə nəticələnirsə, bir çox hallarda artıq zəhərlənmə qana keçdikdə daha ağır nəticələr göstərir".
Həkim-terapevt Rasif Bağırovun dərmanların keyfiyyəti ilə bağlı mövqeyi isə başqa aspektdən oldu.
"Dərman maddələrindən baş verən zəhərlənmə halları məsələsində insanların qeyd etdikləri fikrə gəlmək düzgün deyil. Dərmandan zəhərlənmə anlayışı bir az ciddi anlayışdır. Dərmandan zəhərlənmə başqa şeydir, dərman maddəsinin verdiyi reaksiya başqa şeydir".
Rəsmi statistikada qeyd edilən dərman zəhərlənmələrinin sayının artmasına istinad edərək, hansı ki, 50- 60 faiz arası zəhərlənmələrə məhz dərmanların səbəb olduğu qeyd edilib, bu zaman ortaya sual çıxır. Bəs bu halda niyə həmin zəhərlənmələrin adı "dərman maddəsinin verdiyi reaksiya" deyil, məhz "dərman zəhərlənməsi" kimi qeydə alınıb? Ya 60 faiz insan kor- koranə və ya bilməyərəkdən səhv dərman qəbul edir? Edirsə, bu da başqa sosial problemin başlanğıcıdır.
Həkim suallarımızı belə cavablayır:
"Çox vaxt insanlar dərmanın orqanizmə verdiyi reaksiyanı zəhərlənmə ilə qarışdırırlar. Nə qədər dərman vasitəsi varsa, insan orqanizminin immun sistemindən asılı olaraq həmin dərman vasitələrinə qarşı reaksiyalar ola bilər. İnsan bundan sığortalanmayıb. Amma, dərmandan zəhərlənmədə dərmanın malekuluna qarşı insanda gedən zəhərlənmə nəzərdə tutulur. Zəhərlənmələr necə gedir? Dərmanın dozasının miqdarı çox qəbul edilir, bu da toksiki vəziyyət yaradır. Tam sağlam insanda dərman zəhərlənməsinin olması inandırıcı deyil. Reaksiyalar, zədələnmələr və s. ola bilər".
Həkim də Almaniyadan gələn dərmanların tərkibinin bizim apteklərdə satılan dərmanlardan çox yaxşı olduğunu danmır:
"Azərbaycana daxil olan indiki dərmanların tərkibi sovet vaxtında istifadə olunan dərmanların təsir imkanlarından çox yüksəkdir. Hardasa 40- 50 faizədək üstünlükləri var. Avropa dərmanlarının 90 faiz təsir imkanları var".
Mütəxəssislərdən aldığımız açıqlamada, qoyulan suallarda və aldığımız cavablarda çox məqamlar var. Ən əsası, "sağlamlıq" deyib yolumuzla yürümək, ziddiyyətli sualları aydınlaşdırmağı isə oxucularla baş- başa buraxmaqdır ən gözəli...
Şəlalə Babayeva