"Aşura günü çalğı çaldırmaq, şənlik etmək ədəbə uyğun deyil" - Tanınmış ilahiyyatçı 

asura-gunu-calgi-caldirmaq-senlik-etmek-edebe-uygun-deyil-taninmis-ilahiyyatcinbsp-1721207602
|
|

"Doğrudur, İslam dininə görə matəm ayı yoxdur. Buna baxmayaraq, tarixi proseslər zamanı Məhərrəm ayında xurafatlar qarışaraq, maddi maraqlı ruhanilərin əli ilə belə bir aura formalaşdırılıb ki, guya bu ay matəm ayıdır. Əslində belə deyil. Bu mərasimlərin İmam Hüseynə, onun amalına, yoluna zərər vurur. Bir tərəf başdan ayağa hər şeyi qaraya bürüyüb matəm elan edir, özü də matəm ənənəsinə uyğun olmayan işlər görür. Digər tərəf də buna tamamilə əks çıxır. Hər ikisi yanlışdır".

Bunu Referans.az-a açıqlamasında tanınmış ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, matəm elan edənlər başqa dindən olsa belə, həm dinimizə, həm də tolerantlıq ənənəmizə uyğun olaraq, onlara hörmət əlaməti olaraq həmin ərəfədə şənlik etmək doğru deyil:

"Amma, matəm edənlər də matəmi normal etmirlər. Bu işi doğru hesab etməyənləri lənətləyir və ya uşaqlarının şikəst olacağını təbliğ edirlər. Bu da yanlışdır. Gərək qarşılıqlı hörmət olsun. Amma təəssüf ki, adamlar özlərini dindar hesab etsələr də hələ çoxu ədəb, əxlaq, dinin mənəvi yönlərindən uzaqdırlar".

İlahiyyatçı bildirir ki, əgər kimsə bu ayda toy edibsə, bunda qəbahət yoxdur:

"Toyda hansısa hadisə baş veribsə, insanlar qidadan zəhərlənibsə, bunun da Məhərrəm ayına dəxli yoxdur. Peyğəmbərin övladı vəfat edəndə dəfn zamanı Günəş tutuldu. Xurafatçılığa meylli adamlar iddia etməyə başladılar ki, guya bu, uşağın vəfatı ilə əlaqədardır. Peyğəmbər narahat oldu və dəfni yarımçıq saxlayıb moizə oxudu, bunu inkar edərək bildirdi ki, bu təbiət hadisəsidir, insanların vəfatı ilə əlaqədar deyil.
Məhərrəm ayında xeyir iş etmək olmazdısa bu mütləq Quranda yaxud Peyğəmbərin, Əhli Beytin hədislərində deyilərdi".

Müsahib qeyd edir ki, məhərrəm ayında keçirilən tədbirlər dini deyil, o mərasimlərin İmama, dinə aidiyyəti yoxdur: "O bir adətdir. Buna baxmayaraq, qeyd edənlərə ehtiram olaraq xüsusən Aşura günü çalğı, musiqi, şənlik etmək ədəbə uyğun deyil. Amma, kimsə edirsə onun da başına bədbəxt hadisə gələcəyini demək olmaz. Çünki bunu iddia etmək üçün dində, Quranda bir əsas, dəlil yoxdur".

Şəlalə Babayeva