Genişmiqyaslı QADAĞALAR YAXINLAŞIR: Toylar, iş yerləri, marşrut xətləri...

genismiqyasli-qadagalar-yaxinlasir-toylar-is-yerleri-marsrut-xetleri-1722516910
|
|

Bu gün Nazirlər Kabinetinin qərarı ilə “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” sənəd imzalanıb.


Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində ümumi təhsil pilləsi üzrə -2024-cü il noyabrın 12-dən 22-dək payız tətili, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsilə keçid olunacaq. Nəzər çatdıraq ki, qərarda xüsusi təhsil müəssisələri istisna olunub.


Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a açıqlamasında COP-29 ərəfəsində ölkədə tətbiq olunacaq digər məhdudiyyətlərdən danışıb.




“Ümumiyyətlə, bu ərəfədə geniş əhatəli qadağalar nəzərdə tutulur. Ölkənin ən böyük tədbirinin normal şəkildə həyata keçirilməsi üçün bütün qadağalara əl atılacaqdır. Ümid edirəm ki, bu məsələdə hansısa bir şəkildə vətəndaşların da anlayışla qarşılanmağı vacib sayılacaq. Çünki demək olar ki, bütün sferalarda çətinliklər olacaq. Bura, əsasən də, yol məsələsi aiddir. Buna görə də bütün addımlar diqqətlə nəzərə alınmalıdır. Əks halda prosesi tənzimləmək mümkün olmaz”.


Deputat qeyd edib ki, COP-29-un uğurlu keçməsi Azərbaycan üçün olduqca vacibdir. Onun fikrincə, düzgün koordinasiya ilə elə bir şərait yaradılmalıdır ki, respublikanın bütün əhalisi olduqca mühüm olan bu tədbirə öz töhfələrini verə bilsin.


“Düşünürəm ki, fabrik, zavod, restoran və bu kimi digər iş yerləri, müəssisələr həmin dövrlə bağlı düzgün fəaliyyət üçün indidən planlamalarını edəcəklər. Əsasən, burada marşrut üzrə problem yaradacaq hansısa hərəkətlənməyə yönəlmiş addımlar nəzərdə tutula bilər. Amma bütövlükdə qəbul edilmiş qərardan dəqiq görünür ki, toylar və başqa kütləvi tədbirlərin keçirilməsində müəyyən mənada təxirə salınmalar ola bilər. Böyük ehtimal bu sırada beynəlxalq yarışlar istisna olacaq. Məsələn, UEFA və digər əhəmiyyətli tədbirlər. Bunların da müəyyən dərəcədə nizamlanması müzakilər nəticəsində həll olunmalıdır ”.

 

Fidan Vəlisoy