DİQQƏT! “3-cü dünya müharibəsi gedir, türk dövlətlərinin də cəlb olunma ehtimalı var...”

“İsraillə İran arasında sərhəd olmadığından onların bir-biri ilə müharibəsi yalnız müasir texnologiyaların imkan verdiyini hərbi avadanlıq vasitəsilə reallaşa bilər”.
Bu sözləri Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Referans.az-a açıqlamasında deyib.
“Hazırda İranla İsrail arasında müharibə gedir. İran generallarının, zabitlərinin, hərbçilərinin, müxtəlif hərbi təlimçilərin həlak olması ilə bağlı xəbərlərin yayılması sübut edir ki, İran İsraillə müharibədə iştirak edir və bu müharibədə iştirak etdiyinə görə hərbçilərini itirir. Bu baxımda iki dövlət arasında müharibə ehtimalı reallaşmış olur”.
Sədrəddin Soltan fikirlərinə bunları da əlavə edib:
“Dünya müharibələri adətən, hazırda böyük sayılan ölkələr ərazisində keçirilib. Məsələn, Rusiya, Böyük Britaniya, Almaniya, Fransa və s. Əgər biz 3-cü Dünya müharibəsini böyük dövlətlərin ərazisində və yaxud BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünün ərazisində sayırıqsa, o zaman bu dünya müharibəsi olmayacaq. Əgər güclərin iştirak etdiyi müharibəni də dünya müharibəsi sayacayıqsa, bu zaman o qənaətə gəlmək olar ki, 3-cü Dünya müharibəsi gedir. Məsələn, Rusiya-Ukrayna müharibəsi, HƏMAS-İsrail müharibəsi – bunların hər ikisi dünya müharibəsidir. Burada istənilən formada böyük güclər mövcuddur. Onların siyasi, hərbi, geopolitik maraqları və hərbi qüvvələri iştirak edir və maraqları qorunur. Bu müharibə böyüyüb türk dövlətlərinin mənafe və maraqlarına qarşı çıxacağı halda türk dövlətlərinin də cəlb olunması ehtimalı var. Məsələn, bu müharibə Türkiyəyə qarşı açıq savaşa çevrilərsə, bu halda “Şuşa bəyannaməsi”nə uyğun olaraq, Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvü kimi, həm də iki ölkə arasında məlum bəyannaməyə görə Türkiyənin ərazi bütövlüyünün qorunmasında iştirak edə bilər. Həmçinin Azərbaycanın və yaxud Orta Asiya respublikalarının mənafeyinə, maraqlarına qarşı təhdid yaranarsa digər dövlətlər müdafiəyə keçə bilərlər və savaşa bu və ya digər şəkildə cəlb oluna bilərlər”.
Ekspert qeyd edib ki, indiki halda bu şəraitdə 3-cü Dünya müharibəsi baş verərsə, Türk Dövlətləri Təşkilatının üzvlərinin bu müharibədə iştirakı görünmür və bunun üçün əsas yoxdur.
Fidan Vəlisoy